Misirdə neolit dövrünə aid insan məskəninin qalıqları aşkar edilib

                Misirin Dakaxliya əyalətindəki Tell əl-Samara rayonunda misirli və fransız arxeoloqlar neolit dövrünə aid insan məskəninin qalıqlarını aşkar ediblər. FTV.AZ AZƏRTAC - a istinaden   xəbər verir ki, Misirdə qazıntı işləri aparan müştərək Misir-Fransa tədqiqat missiyası neolit dövrünə aid kəndin qalıqlarını aşkar edib. Mütəxəssislərin fikrincə, burada insanlar eramızdan əvvəl 4200-2900-cü illərdə yaşayıblar.Misirin Tarixi Abidələr Nazirliyinin məlumatına görə, alimlərin yeni tapıntısının unikallığı ondan ibarətdir ki, indiyə qədər bu regionda neolit dövrünə aid məskən tapılmayıb. Arxeoloqlar qazıntılar zamanı zəmanəmizə qədər qalmış binaların qalıqlarını, keramik qablar, daş əmək alətləri, habelə bitki qalıqları və heyvan sümükləri də aşkar ediblər. Bu onu göstərir ki, vaxtilə burada yaşamış insanlar təsərrüfat fəaliyyəti ilə məşğul olublar.Yeni tapıntı fironların birinci sülaləsinin hakimiyyətin (eramızdan əvvəl IV minillik) Nil çayının deltasında yaşamış qədim icmaların həyatı barədə daha çox bilik əldə etməyə imkan verəcək.Araşdırmaların növbəti mərhələsində burada tapılmış bütün elementlərin müxtəlif sahə mütəxəssisləri tərəfindən hərtərəfli öyrənilməsi planlaşdırılır. Bu tədqiqatı növbəti mövsümdə başa çatdırmaq nəzərdə tutulur.

Rəylər