Şirvanda narkotik vasitələr satan keçmiş məhkumlar saxlanılıb

Şirvan polisi narkotik vasitələrin satışı ilə məşğul olan və əldə edən 5 nəfəri saxlayıb. Şirvan şəhər polis şöbəsi (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan və əldə edən 5 nəfəri saxlayıb. Şirvan sakinləri, 1988-ci il təvəllüdlü Beydiyev Ramil Pənah oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Məhəmməd Ağakərim oğlu və 1988-ci il təvəllüdlü Ağayev Əliqulu Adgözəl oğlu saxlanılan zaman onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini, 1965-ci il təvəllüdlü Məmmədov Cabil Məhərrəm oğlu saxlanılıb. Onun üzərinə baxış zamanı ondan 5,012 qram çəkidə narkotik vasitə olan tiryək, 42,782 qram çəkidə narkotik vasitə olan heroin, 1,4 qram çəkidə metafetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. İstintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, sonuncuya narkotik vasitəni əvvəllər məhkum olunan Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Ağami Mirmövsüm Seyidhüseyn oğlu 270 manata satıb. M.Ağami saxlanılarkən üzərindən 2,882 qram narkotik vasitə olan heroin, yaşadığı evin həyətində ayrı-ayrı dibçəklərdə əkib becərilməklə aqrotexniki qaydada qulluq göstərdiyi 9 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Şirvan polis şöbəsi tərəfindən göstərilən faktlar üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Rəylər